Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" operettasının (1913) musiqisi Azərbaycanda Inqilabdan əvvəlki
dövrün (1920-ci ilədək) nikbin ruhlu əsəri kimi səciyyələnmişdir.
Stalin bu nikbinliyi anladı və Ikinci Dünya müharibəsinin yüksək zirvəyə çatdığı anda
Sovet Ittifaqının böyük itkilər verdiyi zaman bu operetta əsasında film çəkilməsini təşkil etdi.
Bu film 1945-ci ildə işıq üzü gördü. Bundan bir il sonra 1946-cı ildə film Stalin mükafatına layiq
görüldü. Yaradıcı qrupdan Ü. Hacıbəyov, R. Təhmasib, N. Leşşenko, R. Behbudov, L. Bədirbəyli,
Ə. Hüseynzadə, M. Kələntərli və L. Abdullayev Stalin mükafatına layiq görüldülər.
"Arşın mal alan"da Ü. Hacıbəyov önəmli bir mövzunun - gənclərin həyat yoldaşı seçmək azadlığı
mövzusunu davam etdirmişdir. Onun "Leyli və Məcnun" (1908) operası, "Ər və arvad" (1910) və "O olmasın, bu olsun" (1911) operettaları da bu mövzuya
həsr edilmişdir.
XX əsrin əvvəllərində ailələrin oğul və qızlarına gələcək həyat yoldaşı seçmək adi bir hal idi.
Ailələrin çoxu qızlarını o qədər qoruyurdular ki, gənc oğlanlar nəinki onları tanıya, hətta bir dəfə də olsun görə bilmirdilər.
Lakin Üzeyir bəyin fikrincə, belə vacib qərarı qəbul etməkdə gənclərin özləri də iştirak etməli idilər.
"Arşın mal alan" operettasını əsas qəhramanı gənc tacir Əsgərdir. Əsgər hiss edir ki, həyatda öz həyat yoldaşını seçmək imkanından
başqa hər şeyi var.
Lakin Əsgər qət edir ki, gələcək həyat yoldaşını õzü seçəcək və digərini bu işə qatışmağa qoymayacaq.
Bu zaman dostu Süleyman onun koməyinə çatır. O, deyir: "Qadınları görmək imkanı əldə edən yeganə kişi arşınmalçıdır.
Ona görə də sən gəl bir arşın və bir az da parça götür, mallarını sata-sata küçələri dolaş. Səni həyətlərə və evlərə
dəvət edəcəklər, sən də arzuladığın qızı tapacaqsan".
Beləliklə də Əsgər kasıb xırdavatçı kimi geyinib, parça sata-sata küçə və döngələri dolaşmağa başlayır. Bütün günü o,
"Arşın mal alan!" deyərək oxuyur.
Xoşbəxtlikdən, Əsgər sevgilisini görmək istəyən yeganə şəxs deyildi. Soltan bəyin qızı Gülçöhrə də həmin arzu ilə yaşayırdı.
Elə olur ki, bir gün Soltan bəyin evinin yanından keçərkən Əsgəri içəri dəvət edərək ondan mallarını göstərmək xahiş edirlər.
Elə hər şey də o andan başlayır. O, Gülçöhrəni görən kimi axtardığı qızı məhz Gülçöhrə olduğunu anlayır. Bu, onların hər ikisi
üçün ilk məhəbbət idi.
Bir qədər sonra Əsgər xalasını Soltan bəyin yanına elçiliyə göndərir. Onun xalası dul idi və iş elə gətirmişdi ki, Soltan bəy də özünə həyat yoldaşı axtarırdı.
Soltan bəy həyətdə Əsgərin xalasını görəndən sonra ona evlənmək təklif edir. Bu zaman özünün kimliyini hələ də açıb deməyən arşınmalçı Soltan bəylə
şərt bağlamaq istəyir. "Mən xalamı sənə verirəm, amma gərək sən də qızını mənə verəsən".
Bunu eşitcək, Soltan bəy cin atına minir: "Mən heç vaxt qızımı arşınmalçıya ərə vermərəm! Rədd ol!".
Süleyman yenə də Əsgərin köməyinə çatır. Bu dəfə o, şəxsən tanıdığı Soltan bəyin yanına arşınmalçı Əsgər
deyil, tacir Əsgər üçün elçi getməyi qərara alır.
Beləliklə, o, elçiliyə gedir və asanlıqla Soltan bəyi razı sala bilir. Lakin Gülçöhrə artıq arşınmalçını sevmişdi və tacirlə bağlı heç nə eşitmək istəmir.
Ona görə də Əsgər, o vaxt dəbdə olan gəlini qaçırtmaq adətinə əl atır. Gülçöhrə hələ də işlərdən xəbərsiz idi. Özünü öldürmək istəyirdi.
Elə bu zaman o, Əsgərin səsini eşidir və sevdiyi arşınmalçının tacir olduğunu anlayır.
Son səhnədə Əsgər və Gülçöhrənin toyundan başqa, daha üç toy qeyd edilir: Soltan bəy və Cahan xalanən, Süleyman və Asyanən, Telli və Vəlinin.
"Arşın mal alan" operettası dünya xalqlarının 67 dilinə tərcümə olunub, 120 teatrın səhnəsində göstərilib, 50-yə yaxın ölkədə tamaşaya qoyulub. Üzeyir bəy Hacıbəyovun
"Arşın mal alan" əsəri dünya şöhrəti qazanaraq Azərbaycana qürur gətirmişdir.