Mən, böyük bəstəkar və yazıçımızın ölməz adına, ölməz sənətinə layiq olan bu ev-muzeydən aldığım ləzzəti, sevinci ifadə etməyə söz tapmıram. Gözəldir, füsunkardır, heyrətamizdir!
Bu özü parlaq sənət abidəsidir. Onu yaradanlara, rövnəqləndirənlərə minnəttaram.
Mirzə Ibrahimov (Azərbaycan)
Mənim üçün Üzeyir bəy bir dünyadır. Birinci növbədə ona görə ki, bu böyük insan özü də milli varlığının üzərində boy atdı, ucaldı. Üzeyir bəy ilk növbədə şəxsiyyətdir,
vətəndaşdır. Onun adına yaradılmış muzey xalqımızın pərəstiş yeri, inam ocağı olmalıdır. Bu muzeyi təşkil edənlərə eşq olsun!
Bəxtiyar Vahabzadə (Azərbaycan)
Mən, bu evi Azərbaycan mədəniyyətinin müqəddəs ocağı, sənətimizin Məkkəsi adlandırıram. Bütün vətənsevər azərbaycanlılar bu ocağa səcdə qılmalı, bura vicdan, qeyrət imtahanına gəlməlidir.
Bu imtahanı biz Üzeyir atamızın ruhu qarşısında verməliyik. Üzeyir şəxsiyyəti, Üzeyir sənəti azərbaycan xalqının məslək proqramı, qeyrət pasportudur. Muzey gözəl və ləyaqətlidir. Lakin Üzeyir bəy kimi dahinin xatirəsi üçün
azdır. O, idrakın, yaradıcı fikrin, musiqinin, ədəbiyyatın zirvəsində dayanan nadir bir istedaddır. Indiki halda bu muzey o dəryanın ancaq damlalarını özündə əks etdirə bilir. Üzeyir okeanını bütün vüsəti və genişliyi
ilə özündə əks etdirən nəhəng güzgü, yəni daha geniş bina lazımdır. Qəti inanıram ki, xalqımızın atası və övladı olan dahimizin yüz illik yubileyində özümüz və gələn qonaqlarımız daha gözəl və əzəmətli
bir binada onun müqəddəs xatirəsini bir daha yad edəcəyik. Üzeyir bəy kimi misilsiz dahi buna layiqdir. Biz, ulu sənətkarımızın adını, sənətini ucaldmaqla, bir kamil və təəssübkeş xalq kimi özümüzü də ucaldırıq. Çünki, özü ucalmayanı heç kəs
ucaltmayacaq!
Tofiq Bayram (Azərbaycan)
Üzeyir bəy Hacıbəyovun yaradıcılığı və yüksək sənəti qarşısında vəcdə gəldim və sonsuz bir xəyal aləminə daldım. Muzeydə Üzeyir bəy Hacıbəyovun 60 illik yubileyinə həsr olunmuş filmi seyr edərkən heyranlıq və həyəcandan göz
yaşları tökdüm.
Məcid Doğru (Türkiyə)
Üzeyir bəy Hacıbəylinin doğulduğu yeri görmək, yaşadığı evdə bulunmaq mənim üçün bir röya idi. Bu gün bu böyük röyanın bir qisminin gerçəkləşməsindən bəxtiyarlıq duydum. Üzeyir Hacıbəyli sadəcə sevgili Azərbaycanın,
əziz Azərbaycanın, qardaş Azərbaycanın deyil, eyni zamanda Türkiyənin də böyük iftixar qaynaqlarındandır. Böyük millətlər böyük sənətkarlar yetişdirir. Böyük sənətkarlar da millətlərinin üzünü ağ edir. Üzeyir bəy millətimizin üzünü
ağ edən və bizləri ucaldan böyük bir sənətkardır. Muzeydən böyük bir ümidlə, sevgiylə və minnətlə ayrılıram.
Yavuz Bülənd Bakilər (Türkiyə)
Əziz Ustadım! Sənin yaşadığın evdə olmaq, sənin toxunduğun əşyaya toxunmaq, dostlarınla tanış olmaq və burada sənin yaşadığın mühiti, qulağımızdakı "Leyli və Məcnun" nəğmələri ilə birlikdə yaşamaq bəxtiyarlığına nəsib oldum.
Sənətə valeh olan bir türk övladı bundan artıq nə istər ki? Mən şadam. Sən də nur içində yat!
Şükrü Karaça, Dr. Nəsrin Tağızadə Karaça (Türkiyə)
Böyük sənətkar, musiqimizin 20-ci yüzildəki ən böyük yaradıcılarından Üzeyir Hacıbəyovun yaşadığı evi və muzeyini, ürəyimizdə Koroğlunun nəğmələrini duyaraq gəzdik. Azərbaycan xalqına, sənətə və böyük sənətkara göstərdiyi
ehtiram üçün təbriklərimizi, təşəkkürlərimizi ərz edirik. Üzeyir Hacıbəyova rəhmət, Azərbaycan xalqına səadətlər diləyirik.
Namiq Kamal Zeybək (Türkiyə)
Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun ev-muzeyini ziyarət etmək imkanı əldə etdiyim üçün çox bəxtiyaram. Ona Allahdan rəhmət diləyirəm.
Ömər Tanrıqulu (Türkiyə)
Bu gün həyat yoldaşım və qızımla birlikdə Üzeyir Hacıbəyovun ev-muzeyini görüb, onun 1910-cu ildə yazdığı "Məşədi Ibad" operettasının filminə tamaşa etdik. Üzeyir Hacıbəyov bəşəriyyət tarixində azəri xalqının yetirdiyi çoxsahəli
dahilərdən biridir. O, Şərqdə ilk dəfə olaraq opera yazmış və öz bəşəri əsərlərinin librettosunu da yaratmışdır. Azərbaycan milli musiqisinin banisi sayılan bu dahinin xatirəsini canlandıran Üzeyir Hacıbəyovun ev-muzeyini görməklə özümdə qürur və
öyünmə hissi duyur və böyük dahiləri yetişdirən xalqımıza eşq olsun deyirəm.
Cavad Heyət (Iran)
Azərbaycan, xüsusilə Hacı Üzeyir bəy dünyada məşhurdur. Mən, uşaqlıqdan Hacı Üzeyir bəyin "Arşın mal alan" və "Leyli və Məcnun" əsərini Təbriz şəhərində görmüşəm. Xalqın arzularını sadə, duyumlu surətdə göstərə
bilir və onların fikirlərinin açılmasına kömək edirlər. Hacı Üzeyir bəyin əsərlərini hər ölkədə göstərilməsi lazımdır. Azərbaycan sənəti bir çıraqdır. Bu çırağın gözəl və sağlam saxlanılması gərəkdir.
Qulamrza Səbri Təbrizi (Ingiltərə)
Atamın dostu, dahi Üzeyir bəyin evində keçirdiyim məmnunluq hissi həyatımın nadir hadisələrindəndir. Ilk dəfə Üzeyir bəylə məni Moskvada, 1938-ci ildə atam tanış etmişdi. O vaxt mənim 11 yaşım var idi. Lakin bu görüş bütün təfərrüatı ilə
yadımdadır. Bu gözəl evin yaradıcılarına və qoruyucularına cansağlığı və uğurlar arzulayıram.
Mstislav Rostropoviç (ABŞ)
Üzeyir bəy Hacıbəyovun gözəl muzeyini böyük bir həyəcanla gəzdim. Onun unudulmaz operetlərini çox böyük bir zövqlə seyr etdim. Inşallah bunlar bütün dünyay yayılacaq və millətlərarası kompozitor və musiqişünas Üzeyir bəy Hacıbəyovun adı və
şöhrəti yer-yer məşhur olacaq və hər mələkətdə tanınacaq.
Mənə göstərilən hörmət və qonaqpərvərliyə görə sonsuz təşəkkürlər.
Iren Melikoff (Fransa)
Bizlər Üzeyir Hacıbəyi hər zaman könlümüzdə yaşadırıq. Bu gün dəyərli yaradıcı sənətkarın muzeyini ziyarət etdim. Özümü çox xoşbəxt hiss edirəm. Muzeydən ayrılarkən çox xoşbəxtəm və bütün muzey əməkdaşlarına ehtiramımı
bildirirəm.
Abdullah Daştan (Almaniya)
Vyana şəhərinin nümayəndəsi kimi Üzeyir bəy Hacıbəyovun yaradıcılığı ilə tanışlıqdan məmnun oldum. Təəssüf edirəm ki, Vyana, bu musiqi şəhərində indiyə qədər "Arşın mal alan" səhnələşdirilməyib. Avstriyaya qayıtdıqdan sonra var güvvəmi əsirgəmiyəcəm ki,
bu arzumu həyata keçirim. Muzey bəstəkarın həyatı, yaradıcılığı və nailiyyətləri haqqənda tam təəssürat yaradır.
Roman Köxl (Avstriya)
Bu cür geniş və zəngin fəaliyyətə malik olan muzeyə gəlişimizdən çox məmnunuq. Çox böyük maraqla, hər addımda bəstəkara və onun musiqisinə məhəbbət duyulan muzeyin ekspozisiyaları ilə tanış oldum. Bu iş çox böyük tərbiyəvi və mənəvi əhəmiyyət kəsb edir.
E. Prikope (Rumıniya)
Mən, Azərbaycan musiqisinin, mədəniyyətinin ürəyi sayılan Üzeyir Hacıbəyovun ev-muzeyinə heyran oldum. Üzeyir Hacıbəyov bütün Şərqin musiqi mədəniyyətində parlaq ulduzdur. Bu evi elə bir mərkəzə çevirmək lazımdır ki, o Üzeyir Hacıbəyov musiqisinin qonşu Şərq xalqlarına göstərdiyi
təsiri və Hacıbəyov ənənələrinin Azərbaycan musiqisinin inkişafında oynadığı rolu sözün əsl mənasında əks etdirə bilsin.
Mən, Üzeyir Hacıbəyovu şəxsən tanıdığıma görə xoşbəxtəm. Vaxtilə mənim üçün etdiklərinə görə ona minnətdaram. Dərin həyəcanla.
Tixon Xrennikov (Moskva)